Fevralın 2-də Xocalı rayon
İcra Hakimiyyəti və Xocalı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı
ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə rayonun idarə, müəssisə
rəhbərləri və əməkdaşları, Vətən müharibəsi iştirakçıları, fəal gənclər qəsəbədə
ucaldılmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini
ziyarət edərək abidə önünə dərin hörmət və ehtiram əlaməti olaraq gül dəstələri
düzüblər.
Dəyirmi masa ətrafında
çıxışlarda bildirilib ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində
sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin
roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində,
siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ümummilli
lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib
hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə
respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik
mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin
nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.
Çıxışlarda hər bir Azərbaycan
gəncinin Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər
tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham
Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi
yaşaması üçün yumruğunu bir hədəfə vurmasının vacibliyi vurğulanıb.